Hürriyyət.org portalı tərəfindən təxribat

Dünən 05.10.2016 tarixində hürriyyət.org veb saytında “Nazirliyin diqqətsizliyinin qurbanı olan olimpiya idman növü. Azad Rəhimov nəyə xidmət edir” adlı məqalə dərc olunub. Jurnalist dərci adlandırmağa dilim gəlməyən “əsər”in necə dərc olunması haqqında məlumat verməyi vacib bilirəm. 04.10.2016 axşam saat 9 radələrində mənim mobil telefonuma zəng daxil oldu. Özünü jurnalist Aygün İlqarqızı kimi təqdim edən qadın mənim “Qarabağ” reqbi klubunun rəhbəri olub olmamağımı soruşdu və reqbi haqqında bir neçə suallara cavab verməyimi xahiş etdi. Daha bir media nümayəndəsinin reqbi ilə maraqlanması xoş bir haldır və mən söhbət etməyə razılıq verdim. Lakin sualların rəhbəlik etdiyim kluba aid deyil, Reqbi Federasiyasına, milli yığma komandaya və əsasən də yer alan problemlərlə bağlı olması məni təəccübləndirdi. Mən jurnalistlə danışdım, reallıqda olan problemlər haqqında məlumat verdim, məsələn Federasiyanın maliyyələşməsinin olmaması, milli yığma komandanın və “Qarabağ” klubunun məşqləri üçün lazımi şəraitin olmaması kimi məsələlər haqqında məlumat verdim. Eyni zamanda jurnalistin diqqətinə çatdırdım ki iki dəfə beynəlxalq yarışmalara yollanmağa maddi imkanımızın olmaması səbəbindən Avropa Reqbi İttifaqı tərəfindən iki illik diskvalifikasiya almağımızdan əvvəl Gənclər və idman nazirliyi bizim yığmamızı hər il beynəlxalq yarışmalarda iştirak etmək üçün ezam edirdi. Lakin növbəti gün məqaləni oxuyanda Nazirliyin və əsasən də nazir Azad Rəhimovun ünvanına mənim adımdan kobud şəkildə ittihamlı və təxribat xarakterli yazının dərc olunması məni sarsıtdı. “Jurnalist” xanımın mənim sözlərimi Nazirliyin ünvanına daha kobud şəkildə qələmə verdiyi azmış kimi, o bütün etika qaydalarını unudub mənim adımdan “Nazir hara baxır?” kimi ifadələrdən istifadə etməyi də özünə rəva bildi. Bu haqda Aygün İlqarqızına iradlarımı bildırəndə o cavab olaraq “Aaa sizin adınızdan yazmışıq? Üzr istəyirik, dəyişərik” dedi və mətndə həmin sözləri sildi. Sonradan isə həmin “jurnalist” ilə konstruktiv dialoqun yaradılmasının mümkünsüzlüyünü görüb bu dərc vasitəsi ilə ona bir neçə sual vermək istərdim:

1. Nəyə görə Siz mənə “Qarabağ” reqbi klubunun rəhbəri olaraq müraciət etdiz lakin məqalədə yazılanları Azərbaycan Reqbi Federasiyası tərəfindən qələmə verdiz?
2. Əgər bu yazının məqsədi yığma komandanın problemlərinin işıqlandırılması idisə, nəyə görə siz yığma komandanın oyunçularının əvəzinə saytınızda “Qarabağ” reqbi klubunun azyaşlı oyunçularının şəkillərini paylaşmısız? Uşaqların məqalə mövzusuna nə aidiyyəti var?
3. Nəyə görə Siz bu müsahibəni mənə göstərmədən dərc etdiniz?
4. Mənim demədiyim sözlərdən və cümlələrdən siz məqalədə nəyin əsasında istifadə etdiniz əgər Siz bu yazını diktofon vasitəsi ilə yazmısız?

Və sonda demək istərdim ki Gənclər və idman nazirliyi tərəfindən reqbiyə diqqətin az olması haqqında mən və Federasiyanın rəsmi nümayəndələri mətbuatda açıq şəkildə danışırıq. Lakin bu heç vaxt sərt tənqid və ittiham xarakteri daşımayıb. Biz qalmaqallı və bazar şəklində olan bəyanatlardan uzaqıq. Lakin görünür ki Sizin portalınız sırf bu cür yazıların üzərində quruluq. Biz reqbi problemlərini Nazirliyin əməkdaşları ilə şəxsi görüşlərimizdə və yazılar vasitəsi ilə açıq şəkildə müzakirə edirik. Bu işdə bizə Sizin kimi “jurnalistlərin” bu cür köməyinə ehtiyacımız yoxdur. Ölkənin idman rəhbrəliyinin diqqətini reqbiyə cəlb etmək üçün biz bu cür çirkli yazılardan istifadə etməyin əvəzinə real işlər görməyi üstün tuturuq. Məsələn dövlət dəstəyi olmadan öz hesabımıza reqbi klubları, məktəb komandaları yaradırıq, uşaqları idmana cəlb edirik. Bununla da biz bu idman növünün inkişaf etdirməyimizdə israrlı və ciddi olmağımızı nümayiş etdiririk və inanırıq ki bu cür yanaşmanı görən müvafiq təşkilatlar bizə yaxın zamanda kömək edəcəklər. Lakin təəssüflər olsun ki sizin kimi “jurnalistlərin” olması və fəaliyyəti nəyinki Federasiyaların və Nazirliyin arasında olan münasibətlərə, hətta uşaq idmanının inkişafına da zərər vurur. Bizimlə birbaşa əlaqədar olan məqalənin başlığında siz “Azad Rəhimov nəyə xidmət edir” ifadəsinə yol verməklə Federasiyamızın Nazirliklə münasibətlərini süni olaraq pisləşdirirsiniz. Lakin bunu etməklə hürriyyət.org portalının özünün nəyə xidmət etməsi böyük bir sual doğurur. Yuxarıda verdiyim suallara cavab almağıma və bundan sonra Hürriyət.org portalının əməkdaşlarının və Azərbaycan Reqbi Federasiyası ilə “Qarabağ” reqbi klubu ilə arasında heç bir kontaktın olmamasına ümid edirəm.

Eldar Kərimov,
“Qarabağ” reqbi klubunu prezidenti